Archive for the ‘Hüquq Sahələri’ Category

İnsan hüquqları: formalaşma və inkişaf tarixiİnsan hüquqları… Yəqin ki, bu söz birləşməsi zəmanəmizin ən aktual və sıx rast gəlinənlərindən biridir. Bu məqalədə mən sizə insan hüquqlarının nəsilləri, onların müasir normativ əsasları, təmin olunma və müdafiə olunma səviyyəsi barədə danışacağam.

Mövzuya ən əsasından, təməldən başlayaq. İnsan hüquqları necə və nə zaman yaranıblar?

Bütün insan hüquqları üç “nəsilə” bölünür. Birinci nəsilə mülki (şəxsi) və siyasi hüquqlar aiddirlər. Onların sırasında biz azadlıq hüququ, vicdan və söz azadlığı, sübutsuz həbsdən və tutuqlanmaqdan azad olunma hüququ və bir sıra digər hüquqları sadalaya bilərik. Bu hüquqlar şəxsin azadlığı, dövlətin ayrı-ayrı insanların şəxsi həyat sahəsinə qarışmamazlığı, həmçinin hər kəsin ölkənin siyasi həyatında iştirak etmə hüquq və azadlıqlarının təmin olunması ideyaları ifadə edilir.

İkinci nəsilə iqtisadi, sosial və mədəni hüquqlar aiddirlər. XX əsrin birinci rübü və ortaları arasındakı dövrdə müxtəlif ölkələrin konstitusiyalarında bir sıra sosial-iqtisadı və sosial-mədəni hüquqların daxil edilməsi müşahidə edilir. Bu hüquqlara əmək hüququ, təhsil hüququ, elm və mədəniyyət nailiyyətlərindən azad şəkildə istifadə etmək və digər hüquqlar aiddirlər. Artıq 1919-cu ildə Veymar konstitusiyası əmək hüququ, qocalıq və xəstəliyə görə müavinət almaq hüququnu nəzərdə tuturdu. Beləliklə, insan hüquqlarının ikinci nəslinin əsası qoyuldu. Birinci və ikinci nəsil hüquqların əsas fərqi dövlətin onların həyata keçirilməsində iştirak dərəcəsində ifadə olunur. Birinci nəsil hüquqlar mənfi hüquqlar adlandırılır, çünkü vətəndaşların onları həyata keşirmə zamanı dövlətin maksimal dərəcədə bu prosesə qarışmamazlığı qeyd edilir. Amma ikinci nəsil hüquqları barədə tam əksini demək olar. Bu hüquqlar müsbət xarakter daşıyırlar. Yəni şəxsin öz sosial-iqtisadi və mədəni hüquqlarından istifadə etməsi üçün dövlətin aktiv iştirakı, onun əlverişli şəraitlər yaratması tələb olunur.

Üçüncü nəsil hüquqlara kollektiv hüquqları aid edirlər. Şəxs bu hüquqlarla öz xüsusi statusuna görə yox, cəmiyyətin bir üzvü olduğu üçün təmin olunur. Bu hüquqlar sırasında təhlükəsiz ətraf mühitdə yaşamaq hüququ, sülh hüququ, xalqən öz müqəddəratını təyin etmək hüququ kimi hüquqları sadalamaq olar.

Son zamanlar dördüncü nəsil hüquqların var olmasını qeyd edirlər. Belə hüquqların yaranmasını elmi-texniki tərəqqi, genetik mühəndisliyin inkişafı və digər amillərlə əlaqələndirirlər.

Müasir dövrdə insan hüquqları universal, ümumdünya səviyyəsində qeyd olunub və təmin edilirlər. Bunun sübutu olaraq insan hüquqları məsələsinə toxunan bir sıra beynəlxalq aktların qəbul olunmasını qeyd etmək olar. Onlar içərisində ən vacibi BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul olunmuş və elan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamədir. Bəyannamənin Preambulasında qeyd olunur ki, BMT BA İnsan hüquqları haqqında Ümumi Bəyannamə bütün xalqlar və bütün dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vazifə kimi bəyan edir. Bu Bəyyanamə hər kəsin ləyaqət və hüquqlarında azad olduqlarını (maddə 1); diskriminasiyanın heç bir formada yolverilməməzliyini (maddə 2); quldarlığın və qul ticarətinin qadağan edildiyini (maddə 4); şəxsin işgəncəyə, qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya qarşı çıxdığını (maddə 5); hər bir insanın mülki (şəxsi), siyasi, sosial, iqtisadi, mədəni, həmçinin kollektiv hüquqlarla təmin olunduğunu bəyan edir. Eyni zamanda Bəyannamə hər bir insanın cəmiyyət qarşısında daşıdığı bəzi öhdəliklər barədə də danışır. Bəyannamə həmçinin qeyd edir ki, şəxsin öz hüquq və azadlıqlarını həyata keçirilməsi BMT məqsəd və prinsiplərinə zidd olmamalıdır (maddə 29, 3-cü hissə).
İnsan hüquqları institunun inkişaf etməsində bir sonrakı addım BMT BA tərəfindən 16 dekabr 1966-cı ildə iki paktın qəbul olunması oldu: Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt. Bu paktların mətnlərində İnsan hüquqları haqqında ümumi Bəyannamənin müddəaları daha da detallaşdırılır və dəqiqləşdirilir, İnsan Hüquqlar Komitəsi təşkil edilir, onun funksiyaları sadalanır, həmçinin insanların hüquq və azadlıqlarını daha effektiv şəkildə  təmin olunma  və müdafiəsinə yönəlmiş bir sıra digər mütərəqqi müddəalar əks olunub.

İnsan hüquqları sahəsində universal aktlarla yanaşı, həmçinin bəzi regional aktlar da qəbul olunub. Misal olaraq 4 noyabr 1950-ci ildə qəbul olunmuş “İnsan hüquqlarını və əsas azadlıqıarının müdafiəsi haqqında” Avropa Konvensiyasının adını çəkmək olar.

Bütün sadalanmış aktlar insan hüquqları institunun həm beynəlxalq, həm də ayrı-ayrı dövlətlər səviyyəsində formalaşması və inkişaf etməsində böyük rol oynayırlar. Bu sənədlər dünyanın bir çox ölkələri tərəfindən qəbul olunub və təsdiq ediliblər, onların əsas müddəaları bu ölkələrin konstitusiya və digər qanunlarının bir sıra maddələrində öz əksini tapıblar. İnsanın hüquq və azadlıqıarını təmin etmək və müdafiə etmək müstıqil demokratik cəmiyyət qurmağa can atan bütün dövlətlər üşün ən əsas məqsəddir.

 

Müəllif: A. Çinarə

Qanunsuz tikililerTikili – dörd tərəfi metal, taxta və s. materialarla əhatə olan məkan anlayışıdır.
Məqalə bu anlayışı təkcə hüquqi aspekten baxmağa yönəlsədə, “tikili” tək hüquqi anlayış deyil. “Tikili ”ümumi anlayışdır və bunu nəzərə alsaq onu bir necə yöndən öyrənmək lazımdır.Əvvəlcə bu anlayışın tarixinə nəzər salaq.

İlk insan həyata tutunmaq üçün od, qidayla yanaşı müxtəlif tikililərdən də istifadə edirdi.Yalnız bu tikililər primitiv xarakter daşıyır və indidən fərqli olaraq təbiətdən (yarpaq, ağac, daş və s.) istifadə olunurdu. Zaman keçdikcə onlar bu materialların bir-birindən fərqləndiyini hiss etməyə başlamış, nə qədər möhkəm materiala sahib olsalar,o qədər təhlükəsiz şəraitdə yaşadıqlarını gormüş, və beləliklə zaman keçdikcə primitive tikililər formalaşmış, indiki dövründəki formaya sahib olmuşlar.

Əgər “mənimsəmə ” hissi insanın həyata tutunmağına köməklik göstərmişsədə, bu duyğu insanları zaman keçdikcə tərk etməmiş və bu ilimizə qədər gəlib cixmiş, bizləridə özü ilə birlikdə gətirmişdir.  Amma bu duyğunun bütün hisslər kimi müsbət və mənfi tərəfləri mövcuddur.Məqaləmin əsasını təşkil edən anlayışın formalaşmasında mənfi tərəf çoxluq təşkil edir. Belə ki, bu hiss çoxaldıqca insanlar özlərinə aid olanından daha çoxunu istəmiş, buda  ”qanunsuz tikili” anlayışına yol açmışdır.

Tikililər iki növə ayrılır:

❶Qanun çərçivəsindəki tikililər;
❷Qanunsuz tikililər.

Azerbaycan Respublikasının 12 noyabr 1995-ci ildə referendum vasitəsi ilə qəbul olumuş, 24 avqust 2002 və 18 mart 2009-cu ildə əlavə və dəyişikliklər edilmiş əsas qanunu sayılan – Konstitusiyasının 29.1 maddəsində (“Mülkiyyət huququ”) deyilir: “Hər kəsin mülkiyyət hüququ vardır.”,və müvafiq olaraq 43.1 və 43.2 maddələrində  (“Mənzil hüququ”) deyilir: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.” Yuxarıda göstərilənlər hər bir vətəndaşın hüququdur. Lakin yaddan çıxarmaq lazım deyil ki, “Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.”(AR Konstitusiyasi maddə 24.2).

Yaşadığımız binanın istər pəncərəsindən, istər qapısıdan başımızı çıxarsaq və diqqətlə baxsaq bu növ tikililərin elə də az olmadığını görərik. Azərbaycan Respublikasının 1 sentyabr 2000 –ci ildə qüvvəyə minmiş Mülki Məcəlləsində 180 maddəsi “ Özbaşına tikinti və onun nəticələri”nə həsr olunmuşdur.

Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunda bu tikililərin mülkiyyət hüqunu çərçivəsinə alına bilməsi də nəzərə alınmışdır.Belə ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Amma  əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.Bu isə Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən 24 –cü maddəsinin sübutu ola bilər.

Azərbaycanda da bu tikililərin sayı az deyil. Bunu nəzərə alan Bakı şəhəri İcra hakimiyyəti  qanunsuz tikililərin leqallaşdırılması haqqında qanun layihəsi hazırlayıb.Hal- hazırda qanun layihəsi nəzərdən keçirilir. Beləliklə, yenidən qeyd etmək yerinə düşər ki, Azərbaycan Dövlətin ali məqsədi İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir.Bunun üçün bir sıra addımlar atılıb və atılmaqdadır.

 

Müəllif: Məmmədova Gülnar

Nikah müqaviləsiBu günlərdə biz yeni ailə qurmağa hazırlaşan gənclərdən tez-tez nikah müqaviləsi haqqında eşidirik.Bu müqaviləyə biz daha çox əcnəbi filmlərdə rast gəlirik.Post-sovet ölkələrində bu hal bir çox mübahisələrə səbəb olur.Belə bir fikir yaranır ki, bu müqaviləni bağlamaqla tərəflər bir-birilərinə ehtimadsızlıq göstərirlər.Ümumiyyətlə,nikah müqaviləsi nədir?Onu bağlamaq vacibdir mi?

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan sazişdir. Bu müqavilə istər nikaha daxil olanadək, istərsə də nikaha daxil olandan sonra – nikah dövründə bağlana bilər. Nikah müqaviləsi yazılı formada bağlanılır və notarial qaydada təsdiq olunur.Bu müqavilə nikah müvafiq icra hakimiyyəti orqanında qeydə alınan gündən qüvvəyə minir. Ər-arvad nikah müqaviləsi bağlamaqla nikah dövründə və (və ya) nikahları pozulduqda özlərinin əmlak hüquq və vəzifələrini müəyyən edə bilərlər. Müqavilənin şərtlərini ər-arvad özləri müəyyən edirler. Onlar öz razılaşmalarına uyğun istənilən şərti müqaviləyə daxil edə bilərlər. Ər-arvad müqavilədə bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.

Əgər elə fkirləşiniz ki, ilk nikah müqavilələri Şərqdə yaranıb, o halda siz yanılırsınız. Hələ qədim Yunanıstan ve Romada bu növ müqavilələr var idi.Indiki dövrdə ABŞ-da müqaviləyə istənilən maddəni əlavə etmək olar: qabları yumaq kimə düşür?; ildə neçə dəfə istirahətə gedilməlidi? və s. Ancaq bizim mentalitetdə bu müqavilələr o qədər də xoş qarşılanılmır.Ailə qurmamışdan boşanmaq haqqında düşünmək nə dərəcədə düzgündür?Hərçənd ki,Azərbaycanda son illərdə boşanmaların sayı sürətlə artır.

Azərbaycanda isə nikah müqaviləsinin uzun bir ənənəsi yoxdur. Əsrlər boyu ər-arvad münasibətləri yalnız inam üstündə qurulub.Qanunvericiliyə görə müqavilə bağlanması azaddır.Kimisə nikah müqaviləsi bağlamağa məcbur etmək onun hüquqlarını pozmaq deməkdir. Amma qanunvericikdə (Azərbaycan Respublikası  Ailə və Mülki Məcəllələrində) müəyyən həvəsləndirmə tədbirləri tətbiq etməklə nikah müqavilələrinin bağlanmasına stimul verilə bilər.

Nikah müqaviləsini bağlamaq haqqda sevdiyiniz insanla müzakirə etməyə çəkinməyin.Hər bir gənc cütlük nikah müqaviləsinin onlara lazım olub olmamasını özləri qərar verməlidirlər.Təbii ki,sevgi və etibar nikahın fundamental prinsipləridi,ancaq,necə deyərlər,sülh istəyirsənsə müharibəyə hazır ol.

 

Müəllif: Məmmədova Aygün

Ölüm cəzası: lehinə yoxsa əlehinə?Hələ ən qədim zamanlardan ölüm cəzası ən geniş yayılmış və tez-tez tətbiq edilən cəzalardan biri idi. O həmçinin ətrafdakı digər insanlar üçün xəbərdarlıq üsulu kimi istifadə edilirdi və məhz buna görə açıq şəkildə yerinə yetirilrdi. Bu məqalədə mən bu sualla bağlı öz nöqteyi-nəzərimi bildirəcəm və bu cür cəzanın nə qədər ədalətli və məqbul hesab etdiyim barədə danışacağam.

Tarixə nəzər salsaq ölüm cəzasının XX əsrin 40-cı illərinə qədər əsas cəza növü olaraq qaldığını və digər növ cəzalardan daha sıx tədbiq edildiyini görərik. Amma İkinci Dünya Müharibəsindən sonra vəziyyətin getdikcə dəyişdiyini görürük. Sırayla bir çox ölkələrdə ölüm cəzası ya ləğv edilir, ya da ömürlük həbs və ya uzun müddətli azadlıqdan məhrum edilmə ilə əvəz olunurdu. Sadalanmış hadisələrin ən əsas səbəbi 10 dekabr 1948-ci il tarixli  İnsan hüquqları haqqında Ümumi Bəyannamənin və 16 dekabr 1966-cı il tarixli iki Beynəlxalq Paktların: mülki və siyasi hüquqlar haqqında və iqtisadi, sosial və mədəni hüquqlar haqqında qəbul edilməsi oldu.

Lakin o vaxtlardan və bu günlərədək bu sual ətrafında müxtəlif alimlər arasında bir şox diskussiyalar gedir. Ölüm cəzası ləğv edilməlidir yoxsa onun qüvvədə qalması daha məqsədəuyğundur? Şəxsən mən bu suala birmənalı cavab verməkdə zorlanıram. Bir tərəfdən ölüm cəzası mənə görə ən qəddar və qeyri-insani bir cəzadır. Belə baxsaq, bu da adam ödürmədi, lakin qanuni şəkildə. Bundan başqa məhkəmə tərcübəsi xeyli elə hallar bilir ki, insan ölüm cəzasına məhkum edilib və bu cəza yerinə yetirilib, amma sonra məlum olub ki, bu insan bu əməldə günahkar deyildi. Lakin olan olub, keçen keçib.

Amma elə hallar olur ki, insanı onun həyatdan məhrum edərək cəzalandırmaq yetərincə haqlı hesab oluna bilər. Məsələn, ardıcıl olaraq bir sıra qətllər törədən şəxslər və digər belə kategoriya cinayətkarlar barəsində bu cür cəza yeganə mümkün və ədalətlidir. Əks halda öz həyatın,  yaxınlarının təhlükəsizliyi barədə heç narahat olmadan  belə cinayətkarlarla eyni cəmiyyətdə yaşamaq necə mümkündü?

Ölüm cəzasının bütün müsbət və mənfi tərəflərini təhlil etdikdən sonra mən yenə də onun ləğv edilməsinin tərəfdarıyam, çünkü söhbət insan həyatları barədə gedir. Və bu həyatlar bir an içində məhəkəmənin tək bir qərarı ilə kəsilə bilər və bu qərarlar hər zaman haqlı olmaya da bilərlər.

Müasir dövrdə ölüm cəzası 130-dan çox ölkədə ləğv edilib. Azərbaycan Respublikasında ölüm cəzası 10 fevral 1998-ci ildə ləğv edilib. Ölüm cəzasının ləğv edilmədiyi ölkələrdə onun tədbiqi qəti şəkildə məhdudlaşdırılır və ömürlük həbs cəzası ilə əvəz olunur. Həm ölüm cəzası tədbiq edildikdə belə onun ən ağrısız yolla – ölümcül inyeksiya yolu ilə yerinə yetirilir.

Tədricən bütün dövlətlər bu növ cəzadan imtina etmə yoluna düşürlər. Və bu tendensiya kifayət qədər doğru və ağlabatandır.

 

Müəllif: Abdullayeva Çinarə

“Bütün vəsiyyətimi arvadıma bir şərtlə  edirəm: o yenidən ailə həyatı
qursun. Mən əmin olmaq istəyirəm ki,ən azı bir kişi mənim ölümümə ağlayacaq” Genrix  Geyne

 

Vərəsəlik hüququ qədim institutlardan biridir.Mülkiyyət hüququnun yaranması cəmiyyət qarşısında bir sıra suallar qoydu- mülkiyyətçinin ölümündən sonra əmlakı kimə qalacaq, o əmlak kimə məxsusdur  və s. Bundan əlavə, nikah və ailə münasibətlərinin inkişafı da bu məsələlərin həll olunmasına ehtiyac duyur.Vərəsəlik institutunun çox uzun və mürəkkəb tarixi vardır.Cəmiyyət seçim qarşısında qalmışdır:bir tərəfdən,mülkiyyəti ilə istədiyi kimi rəftar etmə azadlığı,digər tərəfdən, vəsiyyətçinin yaxın qohumlarının cəmiyyət tərəfindən qayğısı,məsəl üçün,özlərini təmin edə bilməyib, kiminsə himayəsi altında yaşayanları.İndiyə qədər dünyanın bütün hüquqi sistemləri iki fundamental prinsip birləşmələrinə əsaslanırlar: vəsiyyət etmək azadlığı və ailənin maraqlarının qorunması.

Vəsiyyət etmək azadlığı nədən ibarətdir?Vəsiyyət etmək azadlığı ilk öncə vətəndaş ölüm vəziyyətində olarkən mülkiyyəti ilə nə edəcəyinə qərar vermə hüququndan ibarətdir,yəni o vəsiyyət qoya da bilər, qoymaya da.Bu prinsipə əsasən vətəndaş hər bir insana vəsiyyət qoya bilər,hər hansı bir şəkildə payı müəyyən edə bilər, miras edən qanun üzrə varislərdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir,vəsayyitə qanunda müəyyən olunmuş başqa müddəaları əlavə edə bilər.Vəsiyyət etmək azadlığının bir məhdudiyyəti var – məcburi pay.Bu miras qoyanın ən yaxın qohumlarının,səhhətində problemləri olanların və himayəndəsində yaşlı biri olanlara kömək üçün tərtib edilmişdir.Vəsiyyət etmək azadlığı miras qoyanın istədiyi əmlakını vəsiyyət etmək azadlığından ibarətdir.Burda söhbət ancaq həmin anda vəsiyyətçiyə məxsus olan mülkdən yox,həm də gələcəkdə əldə oluna biləcək mülkdən gedir.Bu halda vəsiyyət anlayışı belə ola bilər:”Bütün əmlakımı nədən ibarət olursa olsun,harda olursa olsun,vəsiyyət edirəm…”.Vəsiyyətnamədə vəsiyyətçiyə məxsus olan mülkün yalnız bir hissəsidə miras qoyula bilər.Bu halda mirasın qalan hissəsi vəsiyyət olunmamış elan olunur və qanun üzrə miras edilir.Vəsiyyətlərin sayı bir neçə dənə ola bilər.Vəsiyyətçi bir vəsiyyət üzrə bütün mülkiyyətini miras qoya bilər və ya bir neçə vəsiyyət üzrə konkret mirası göstərməklə vəsiyyət edə bilər.

Vəsiyyətçi kiməsə vəsiyyətnamənin məzmununu,ləğvi və ya dəyişdirilməsi haqqda məlumat verməyə borclu deyil.Vəsiyyət etmək azadlığı ilk öncə varisləri müəyyən etməyə yönəlir. Bu vəsiyyətçinin ailə üzvləri, qohumları və digər şəxslər və müəssisələr,və ya hər hansı bir dövlət, Azərbaycan Respublikası,o cümlədən, bələdiyyələr, beynəlxalq təşkilatlar və s. ola bilər.

İkincisi, vəsiyyətçi istədiyi bir şəkildə varislərin payını müəyyən edə bilər.O,bütün mirasının və ya hissəsini birinə və ya bütün varislərə eyni payda vəsiyyət edə bilər,hər birinin payını müəyyən edə bilər,həmçinin mirası bir neçə nəfərə vəsiyyət edib paylarını göstərməyə bilər.

Üçüncüsü,vəsiyyətçi qanun üzrə varisləri mirasından məhrum edə bilər. Vərəsəlik hüququndan məhrum olunan şəxslər  heç bir halda varisliyə cəlb oluna bilməz.Başqa bir hal-vəsiyyətnamədə qeyd olunmayan varis.O bir halda vərəsəliyə cəlb oluna bilər ki, digər varislər mirasdan imtina etsələr və ya ləyaqətsiz varis kimi tanınsalar.

Dördüncüsü,vəsiyyətçi öz vəsiyyətnaməsində varisləri yenidən müəyyən edə bilər.Başqa sözlə,o,vərəsəliyə təyin olunmuş şəxs ölərsə və ya vərəsəlikdən imtina edərsə,onu dəyişib başqa varis təyin edə bilər.

Ölümdən sonra mülkiyyətçiyə öz  əmlakının hüquqi taleyinin müəyyən etməyə imkan verən vərəsəlik azadlığı getdikcə daha da çox vəsiyyətçinin ailəsinin xeyrinə məhdudlaşdırılır. Şəxsin ölümüylə onun əmlakının taleyi və, ümümiyyətlə, onun hüquqi münasibətləri (borclar, tələblər və s.) barədə bir sıra suallar yaranır. Müasir anlayışlara əsasən mərhumun ölümündən sonra onun əmlakı tərkib hissələrə bölünməyib, öz əvvəlki birliyini qoruyub, artıq məlum olan şəxslərə, yəni mirasçılara keçir. Məhz onlar mərhumun bütün hüquq munasibətlərinə daxil olub, onun əmlakının sahibi olur, kreditor və öhdəliklərində borclu qismində çıxış edirlər. Əmlakın bu şəkildə, yəni hüquq münasibətlərinin bütün məcmusunun arası kəsilməyən  keçidini, biz vərəsəlik adlandırırıq.

 

Müəllif: Məmmədova Aygün

Hər hansı bir şəkildə davranarkən bir deyirik ki, “Mənim hüququm var…” və ya “Bu mənim hüququmdur” və s. Lakin tez-tezmi biz bu hərəkətlərin mənəvi tərəfi barədə düşünürük? Və, ümumiyyətlə, onun haqqında düşünmək lazımdırmı?

Hüquq və mənəviyyat…Hansını seçməli? Bu iki anlayışdan hansı biri digəri üzərində üstünlüyə malikdir? Amma hər şey sırayla. Əvvəlcə hər bir sözün mənasını dərk eləməkdən başlayaq.

Hüququn bir neçə mənası var, lakin bu kontekstdə o hər bir insana məxsus olan subyektiv hüquq kimi başa düşülür. Yəni şəxs müəyyən bir vəziyyətdə öz qənaəti nəticəsində davranır: o, hər hansı bir hərəkəti edə bilər yaxud da onları yerinə yetirməkdən imtina edə bilər.

Mənəviyyatı qısaca ətrafdakıların şəxsin etdikləri hərəkətlərə münasibəti kimi təsvir edə bilərik. Bu halda şəxs hər hansı bir şəkildə davranarkən cəmiyyət tərəfindən veriləcək reaksiya, qiymət barəsində düşünür, və o, bütün cəmiyyət tərəfindən ümumi qəbul olunmuş qaydalar və normaları rəhbər tutur. Mənəvi başlanğıclar, əsasən, dini yazılarda öz əksini tapmışdılar (məsələn, “öldürmə”, “oöurlama” və s.).

Çox vaxt hüquq və mənəviyyat üst-üstə düşürlər. Və əksər hallarda qanunsuz davranış həmçinin mənəviyyat normalarına da zidd olur. Yəni şəxs qanunu pozduqda bütün cəmiyyətə qarşı çıxır, ictimai əsayişi pozur, cəmiyyətin bütün üzvlərini təhlükəyə salır.

Amma elə məqamlar da olur ki, hər hansı bir hərəkət mənəviyyat qanunlarına zidd olduğu halda belə qanunsuz hesab edilmir. Hər kəsin rastlaşa biləcəyi və böyük bir ehtimalla rastlaşdığı sadə bir misal gətirəcəm: bir qayda olaraq, ictimai nəqliyyatda qocalara, qadınlara və uşaqlara yer verirlər. Lakin hərdən belə hal baş vermir. Bu vəziyyətdə şəxs seçim qarşısında qalır: hüquq yoxsa mənəviyyat? Hüquq deyir ki, öz yerini kiməsə vermək ya da verməmək  şəxsin hüququdur, yəni bu məsələnin həlli onun öhdəliyinə buraxılır. Lakin mənəviyyat bu vəziyyətdə şəxsi öz yerini yuxarıda sadalanmış insanlara verməyə məcbur edir. Nəticə olaraq biz görürük ki, insan öz yerini digərinə vermədikdə, qanunu pozmasa da mənəviyyat normalarını pozmuş olur.

Sonda qeyd edək ki, hər bir insan öz davranışının əsası olaraq hüququ ya da mənəviyyəti seçməkdə azaddır. Amma bu o demək deyil ki, bu seçim bütün hallara aiddir. Dövlət qəbul etdiyi qanunlarla şəxsə bəzi hərəkətləri etməyi qadağan edir və bu normalara riayət etməməyə görə müəyyən cəzaları nəzərdə tutur. Çünkü dövlət ayrılıqda şəxsin, bütün cəmiyyətin və, təbii ki, bütün dövlətin maraqlarını qoruma altına alır. Beləliklə, o, hər bir kəsdə qorunma, təhlükəsizlik hissini yaradır. Sözsüz, ən ideal variant hüquq və mənəviyyətin birləşməsi hesab edilir, lakin bu hər zaman mümkün olmur. Lakin buna doğru getmək lazımdır.

 

Müəllif: Abdullayeva Çinarə

Alimentin tutulması bir prosedurdur və onu, bir qayda olaraq, boşanma müşaiət edir. Aliment almağa, və ya daha asan desək,maaş almağa yetkinlik yaşına çatmamış və əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların hüququ vardır.Alimentin miqdarını valideyinlər özləri müəyyən etməkdə azaddırlar.

Əgər onlar müqavilə bağlamağa razı olsalar o zaman övlad yetkinlik yaşına çatana qədər kimin və nə qədər aliment ödəyəcəyi haqda da razılığa gələcəklər.Bu halda belə tərəflər razılığa gəlməsələr iş məhkəməyə göndərilir.Artıq burda valideyinlər könüllü yox, məcburi aliment ödəyəcəklər.

Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən,əgər valideyin uşağa aliment ödəməkdən imtina edirsə o zaman aliment məhkəməyə müraciyət edilən vaxtdan həmin valideynin əmək haqqından tutulur.Aliment ödəmək haqqda saaziş yazılı formada bağlanılır və notarial qaydada təsdiq olunur.Məhkəmə tərəfindən aliment bu miqdarda tutulur: 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görəqazancın (başqa gəlirlərin) yarısı.Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Əgər valideyinlər arasında aliment ödəmək haqqda saaziş yoxdursa,əgər valideyinlər və ya onlardan biri uşağı saxlamaqdan imtina edirsə və məhkəməyə bu haqqdaa heç bir şikayət edilməyibsə,bu halda müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmamış uşaqlara alimentin ödənilməsi haqqda məhkəməyə iddia ərizəsi verə bilər.Saazişdə göstərilən alimentin miqdarı və ya məhkəmənin qərarı ilə müəyyən olunmuş alimentin miqdarı valədeynin əmək haqqından və ya başqa gəlirlərindən tutulur.Valideynin çalışdığı təşkilatın administrasiyası onun maaşından hər ay aliment tutmalıdı və bunu maaş verilənnən sonra 3 gün ərzində tələb olunan yerə verməlidi.Əgər bu vəsait kifayət eləmirsə,o zaman bu tələb aliment ödəməli olan valideynin əmlakına yönəldilməlidir.Aliment öhdəlikləri bu hallarda dayandırılır:valideynlərdən biri ölərsə;saazişin vaxtı dolarsa;övlad yetkinlik yaşına çatarsa və ya yetkinlik yaşına çatmamış övlad tam əmək qabiliyyətli olarsa;əmək qabiliyyəti olmayan və ya ailə qurmağa ehtiyacı olan valideyin yenidən ailə qurarsa.Digər hallarda aliment ödəməyən şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.

Yayın ilk günü-1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.Bu gün uşaqların hüquqlarını yada salıb onların pozulması ilə mübarizə aparmalıyıq.Pis səslənsədə,bəzən uşaqları elə öz valideynlərindən qorumaq lazımdı.Boşandıqdan sonra atanın aliment ödəməməsi ana və övladın əsas probleminə çevrilir.Keçmiş həyat yoldaşları övladlarına aliment ödəməmək məqsədi ilə hər cür yola əl atırlar-məhkəməyə çox az maaş aldıqları haqqda və ya ümumiyyətlə işləmədikləri haqqda saxta sənəd təqdim edirlər.Kişilər keçmiş həyat yoldaşlarına zərər vurmaq məqsədi ilə aliment ödəmirlər.Qadınlar isə,öz növbəsində,övladını atası ilə görüşdürməməklə onlara zərər vururlar.Ancaq bütün bu hallar baş verdikdə ən çox zərər görən üşağın özü olur.

Mənim fikrimcə,aliment ödəməyən kişilərə qarşı ciddi tədbirlər görülməlidir və bu tədbirlər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təşkil olunmalıdır,əmlakın müsadirəsindən başlayaraq belə ataların müəyyən müddətə azadlıqdan məhrum etməyə qədər.Ancaq dövlət bu cür sərt tədbirlərdən qaçıb alimenti elə özü ödəyə bilər,sonra isə həmin məbləği atalardan faizlə geri ala bilər.Bu halda atalar addım atmamışdan qabaq on dəfə fikirləşib qərar verəcəklər-pul vəsaitini kimə ödəmək xeyir edəcək-dövlətə yoxsa övladlarına.

 

Müəllif: Məmmədova Aygün

 

Axır vaxtlar biz tez-tez bele bil reklamla rastlaşırıq: “İşə düzələrkən əmək müqaviləsini tələb edin!” Lakin mənə elə gəlir ki, az adam bu tələbin vacibliyini və mahiyyətini tam olaraq dərk edir. Məhz buna görə bu məqalədə mən qısaca da olsa bu sualla bağlı ən mühüm məqamları aydınlaşdırmaya çalışacağam.
Əmək məcəlləsinin 3-cü maddəsinə əsasən Əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

İlk öncə qeyd etmək istəyirəm ki, əmək müqaviləsi yalnız dövlət müəssisələrində bağlanmır. Əmək müqaviləsi Azərbaycan Resbublikası ərazisində, Azərbaycan Respublikası vətəndaşları tərəfindən və ya Azərbaycan Respublikası vətəndaşlarının işlədiyi şirkətlərdə bağlana bilər və bağlanmalıdır da. Əmək müqaviləsini bağlamaqla şəxsə əmək qanunvericiliyinin və ilk növbədə, təbii ki, Əmək məcəlləsinin bütün müddəaları şamil olunur.

Əmək məcəlləsinə əsasən əmək müqaviləsini bağlamaq hər bir şəxsin hüququdur və buna uyğun olaraq işəgötürənin vəzifəsidir. Məhz buna görə hər bir şəxs, işə düzələrkən, əmək müqaviləsinin bağlanmasını tələb etməlidir, çünki bu onun hüququdur. İçəgötürən əmək müqaviləsini bağlamaqdan imtina edə bilməz, çünki bu onun vəzifəsidir.

Əmək müqaviləsində işçinin maaşının məbləği, onun əmək funksiyaları, siğortası, əmək müqaviləsini müddəti və tərəflərin razılaşması əsasında digər şərtlər qeyd oluna bilər. Əmək məcəlləsinə əsasən əmək müqaviləsi 5 ilə qədər ya da qeyri-müəyyən müddətə bağlana bilər. Əmək məcəlləsində həmçinin qeyd edilir ki, əgər əmək müqaviləsi müddətlidirsə və onun bağlanma müddıti artıq bitib, lakin tərəflərdən heç biri hər hansı bir etiraz bildirməyir və öz faktiki vəzifələrini yerinə yrtirməyə davam edir, o zaman əmək müqaviləsi əvvəlcədən bağlanmış müddətində uzadılmış hesab edilir. Əmək müqaviləsi həm işçi, həm də işəgötürən tərəfindən ləğv edilə bilər. Bu sualla bağlı daha detallı şəkildə əmək müqaviləsini ləğv edilməsinə həsr olunmuş məqalədə danışılacaq.

Əmək müqaviləsi daima işçi üçün bir təminatdır. Bəs o, işçiyə nə cür təminatlar verir? İlk növbədə, peşə xəstəliyi, istehsalatda hər hansı bir zədə alma halında işçiyə müalicə üçün müəyyən vəsaitlərin ayrılması təmin olunur. İkincisi, və ən vacibi, müəyyən pensiya təminatı, hansını ki, işçi müəyyən yaş həddinə çatdıqda, əlillik halında və ya işçi öldükdə onun ailəsi alacaq. Əmək müqaviləsinin bağlamadıqda sizə əmək kitabçası verilmir, yəni sizin əmək stajınız hesablanmır. Buna əlavə olaraq, sizin adınıza AR Sosial müdafıə fondunda fərdi hesab açılmır, hara ki gələcək üçün toplanmalı olan hər maaşınızdan 3% məbləğində ayırmalar göndərilməlidirlər. Və nəticə etibarı ilə sizin gələcəyiniz təminatsız qalır və belə çıxır ki, siz bu uzun illər boyu boşuna işləmisiniz. Üçüncüsü, işəğötürən işçinin əməyini, həyat və sağlamlığını siğortalayır.

Təbii ki, Əmək məcəlləsi və əmək müqaviləsi ilə işçiyə illik ödənişli məzuniyyət təmin edilir. Ehtiyac olduqda işçi həmçinin ödənişsiz (“öz hesabına” adlandırılan), təhsil üçün və bir sıra digər növ məzuniyyətlər götürə bilər.

Bu əmək müqaviləsinin zəruriyyətinin və mahiyyətinin sadəcə qısa bir təsviri idi. Amma faktiki olaraq, əmək müqaviləsini bağlamaqla siz öz əməyinizi və gələcək təminatınızı qoruma altına alırsınız. Məhz buna görə İşə düzələrkən əmək müqaviləsini tələb edin!

 

Müəllif: Abdullayeva Çinarə

Dələduzluq

Posted: December 21, 2012 in Cinayət Hüququ

Talama zamanımızın ən geniş yayılmış cinayət kategoriyasıdır. Qeyd etmək istəyirəm ki, talama kifayət qədər geniş anlayışdır və onun tərkibinə bir sıra cinayət tərkibləri daxildir. İlk öncə bu anlayışı təyin edək. Talama – öz mülkiyyətinə çevirmə məqsədiylə özgə əmlakın qəsdən alınması deməkdir. Əməlin talama kimi tövsif edilməsi üçün o üç mütləq meyara malik olmalıdır:

1)    Hüquqi meyar o deməkdir ki, bu əşya özgənin mülkiyyətində olmalıdır.

2)    Dəyər meyarı o deməkdir ki, bu əşya müəyyən maddi dəyərə malik olmalıdır.

3)    İqtisadi meyar, yani bu əşyanın alınması onun sahibinə müəyyən maddi zərər vurmalıdır.

Yalnız bu meyarlara sahib olan əməl talama kimi tövsif edilə bilər.

Talama qismində bu cinayət tərkibləri tanınır:

–    oğurluq;
–    soyğunçuluq;
–    dələduzluq;
–    mənimsəmə və israf etmə;
–    quldurluq.

Bu məqalədə mən onlardan yalnız biri, yəni dələduzluq haqqında danışacağam.

Dələduzluq geniş yayılmış cinayətdir. Onun yerinə yetirilmə çetod və üsulları ildən ilə daha da çox dəyişir və mükəmməlləşir.

Bu maddənin dispozisiyasında qeyd edilir ki, dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə deməkdir (AR CM 178-ci maddəsi). Anlayışın özündən görüldüyü kimi əməlin dələduzluq kimi tövsif edilməsi üçün o dir sıra əlamətlərə malik olmalıdır:

–    özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə. Bu şərt alternativ xarakter daşıyır, yəni bu iki şərtdən birinin mövcud olması kifayətdir.

–    etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə. Bu şərt həmçinin alternativ xarakter daşıyır.

Fikrimcə, birinci şərtlər kifayət qədər aydındırlar və əlavə izahata ehtiyac yoxdur. Ayrıca aldatmada dayanmaq istərdim, çünkü çox vaxtı insanların çoxu bu anlayışı birtərəfli qəbul edirlər hansıki sənvdir. Nəzəriyyədə aktiv və passiv aldatma anlayışıarı vardır. Aktiv aldatma həqiqətin təhrifindən, hər hansı bir informasiyani ya da məlumatları gərçəkdə olmadığı kimi deməkdən ibarətdir. Passiv aldatma bu vəziyyətdə şəxsə mütləq çatdırımalı olan informasiya haqqında qəsdən susmaqdan ibarətdir.

Etibardan sui-istifadə etmə o demıkdir ki, bəlkə şəxs vicdanla yetirməli olduğu hər hansı bir səlahiyyətlərə malikdir və digər şəxslər onun vicdanlı davrandığına inanırlar. Lakin bu şəxs ona məxsus olan səlahiyyətlərdən və eyni zamanda ona göstərilmiş etibardan digərlərin ziyanına sui-istifadə edir.

Xüsusilə qeyd edim ki, bu maddədə “xeyli” və “külli” miqdarda ziyan vurulması anlayışları istifadı edilir. Onların miqdarı AR Ali məhkəməsinin Plenumunun müvafiq qərarı ilə müəyyən edilib və müvafiq olaraq bir mindən yeddi minədək və yeddi min manatdan artıq məbləğ təşkil edir.

Son bir neçə onillik ərzində dələduzluğun yeni törədilmə üsulları yaranıb. Bu əsasən elmi-texniki tərəqqi, texnologiya vasitələrinin mükəmməlləşməsi və s. ilə bağlıdır. Misal kimi internet sahəsində dələduzluğu gətirmək olar. Biz hamımız intenet-mağazalarda alış-veriş etməyi sevirik, şünkü bu yolla biz öz vaxtımıza, enerjimizə və pulumuza qənayət etmiş oluruq. Və belə tipli mağazaların çoxundan bizdən alınmış malların ödənilməsi üçün plastik kartımızın kodunu tələb edirlər. Elə məhz bu məqamda biz dələduzların tələsinə düşürük. Və sonra biz kartımızı açıb, orda heç bir vəsaitin olmadığını gördükdə təəcübbümüzün həddi olmur. Hər şey ondan olur ki, öz kartımızın kodunu onlara verərək biz onlar üçün bank hesabımıza girişi tamamilə açırıq və beləliklə sonda tamamilə heç nəsiz qalırıq. Aktiv şəkildə yalnız internetlə bağlı olmayan kompyuter dələduzluğu inkişaf edir. Qeyd etmək istəyirəm ki, kompyuter dələduzluğu ayrıca bir cinayət tərkibi qismində bütün dövlətlərdə göstərilməyib. Və, təssüf ki, bizim dövlət də onlardan biridir.

Beynəlxalq- hüquqi sahədə kibercinayət haqqinda Beynəlxalq Konvensiya adlı akt qəbul edilib. Orada kompyuter dələduzluğu beynəlxalq xarakterli cinayət qismində qeyd edilib.

Məqaləmi yekunlaşdıraraq ümid edirəm ki, o sizə faydalı olacaq və siz kimə maddi sahədə güvənə biləcəyiniz, ya da güvənəməyəcəniz barədə qərar alarkən  özünüz üçün müəyyən nəticələr çıxaracaqsınız.

 

Müəllif: Abdullayeva Çinarə

Hüquqa giriş

Posted: December 21, 2012 in Hüquq Nəzəriyyəsi

Hüquq kifayət qədər geniş və mürəkkəb sahədir, onu anlamaq, müxtəlif sahələrini öyrənmək üçün ilk növbədə ümumi hüquq nəzəriyyəsi ilə tanış olmaq lazımdır, çünkü məhz onun əsas termin və anlayışları ilə biz gələcəkdə tez-tez rastlaşacağıq.

 Ümimi hüquq nəzəriyyəsində hüquq və dövlət paralel şəkildə öyrənilir. Təsadüf deyil ki, adətən bu kurs “Dövlət və hüquq nəzəriyyəsi” adlandırılır. Tarix boyu hüquq və dövlət bir-biri ilə sıx əlaqədə inkişaf edirdilər. Məhz hüquqidemokratik dövlətdə müxtəlif hüquq sahələri daha geniş şəkildə inkişaf edirlər, və həmçinin, insan və vətəndaşın əsas hüquq və azadlıqları hərtərəfli qəbul olunur, təmin edilir və qorunur. Elə buna görə də, biz hesab edirik ki, blogumuzda dövləti hüquqla yanaşı öyrənmək daha məqsədəuyğun olardı.

Dövlətin inkişafıyla, elmi-texniki tərrəqinin mükəmməlləşməsiylə, hüquqla idarə olunması tələb edən yeni sahələr və münasibətlər yaranır.

Hüquq ibtidai icma dövründən bizim günlərədək uzun bir inkişaf yolu keçib. Öz inkişafının hər mərhələsindən hüquq və onun strukturu daha da mürəkkəbləşir, tətbiq sahəsi genişlənir.

Hüquq, onun müasir anlayışında, Yeni dövrdə yaranıb. Məhz bu zaman ilk məcəlləşdirilmiş aktlar qəbul olunub. Onlara 1804-cü ildə dərc edilmiş Napoleon Bonapartın “Mülki Məcəlləsi”ni və 1896-cı ildə dərc olunmuş “Almaniya Mülki Məcəlləsi”ni aid etmək olar.

Müasir dovrdə belə aktlar bütün sahələrdə və bütün ölkələrdə qəbul olunublar.

Hüquq hər yerdə və hər şeydədir və bu prosses – hüququn yeni sahələrə daxil edilmə prossesi – dayanmır, əksinə, o daha da sürətlənir və mükəmməlləşir.

 

Müəllif: A. Çinarə