Archive for the ‘Mülki Hüquq’ Category

Qanunsuz tikililerTikili – dörd tərəfi metal, taxta və s. materialarla əhatə olan məkan anlayışıdır.
Məqalə bu anlayışı təkcə hüquqi aspekten baxmağa yönəlsədə, “tikili” tək hüquqi anlayış deyil. “Tikili ”ümumi anlayışdır və bunu nəzərə alsaq onu bir necə yöndən öyrənmək lazımdır.Əvvəlcə bu anlayışın tarixinə nəzər salaq.

İlk insan həyata tutunmaq üçün od, qidayla yanaşı müxtəlif tikililərdən də istifadə edirdi.Yalnız bu tikililər primitiv xarakter daşıyır və indidən fərqli olaraq təbiətdən (yarpaq, ağac, daş və s.) istifadə olunurdu. Zaman keçdikcə onlar bu materialların bir-birindən fərqləndiyini hiss etməyə başlamış, nə qədər möhkəm materiala sahib olsalar,o qədər təhlükəsiz şəraitdə yaşadıqlarını gormüş, və beləliklə zaman keçdikcə primitive tikililər formalaşmış, indiki dövründəki formaya sahib olmuşlar.

Əgər “mənimsəmə ” hissi insanın həyata tutunmağına köməklik göstərmişsədə, bu duyğu insanları zaman keçdikcə tərk etməmiş və bu ilimizə qədər gəlib cixmiş, bizləridə özü ilə birlikdə gətirmişdir.  Amma bu duyğunun bütün hisslər kimi müsbət və mənfi tərəfləri mövcuddur.Məqaləmin əsasını təşkil edən anlayışın formalaşmasında mənfi tərəf çoxluq təşkil edir. Belə ki, bu hiss çoxaldıqca insanlar özlərinə aid olanından daha çoxunu istəmiş, buda  ”qanunsuz tikili” anlayışına yol açmışdır.

Tikililər iki növə ayrılır:

❶Qanun çərçivəsindəki tikililər;
❷Qanunsuz tikililər.

Azerbaycan Respublikasının 12 noyabr 1995-ci ildə referendum vasitəsi ilə qəbul olumuş, 24 avqust 2002 və 18 mart 2009-cu ildə əlavə və dəyişikliklər edilmiş əsas qanunu sayılan – Konstitusiyasının 29.1 maddəsində (“Mülkiyyət huququ”) deyilir: “Hər kəsin mülkiyyət hüququ vardır.”,və müvafiq olaraq 43.1 və 43.2 maddələrində  (“Mənzil hüququ”) deyilir: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.” Yuxarıda göstərilənlər hər bir vətəndaşın hüququdur. Lakin yaddan çıxarmaq lazım deyil ki, “Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.”(AR Konstitusiyasi maddə 24.2).

Yaşadığımız binanın istər pəncərəsindən, istər qapısıdan başımızı çıxarsaq və diqqətlə baxsaq bu növ tikililərin elə də az olmadığını görərik. Azərbaycan Respublikasının 1 sentyabr 2000 –ci ildə qüvvəyə minmiş Mülki Məcəlləsində 180 maddəsi “ Özbaşına tikinti və onun nəticələri”nə həsr olunmuşdur.

Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunda bu tikililərin mülkiyyət hüqunu çərçivəsinə alına bilməsi də nəzərə alınmışdır.Belə ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Amma  əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.Bu isə Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən 24 –cü maddəsinin sübutu ola bilər.

Azərbaycanda da bu tikililərin sayı az deyil. Bunu nəzərə alan Bakı şəhəri İcra hakimiyyəti  qanunsuz tikililərin leqallaşdırılması haqqında qanun layihəsi hazırlayıb.Hal- hazırda qanun layihəsi nəzərdən keçirilir. Beləliklə, yenidən qeyd etmək yerinə düşər ki, Azərbaycan Dövlətin ali məqsədi İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir.Bunun üçün bir sıra addımlar atılıb və atılmaqdadır.

 

Müəllif: Məmmədova Gülnar

Nikah müqaviləsiBu günlərdə biz yeni ailə qurmağa hazırlaşan gənclərdən tez-tez nikah müqaviləsi haqqında eşidirik.Bu müqaviləyə biz daha çox əcnəbi filmlərdə rast gəlirik.Post-sovet ölkələrində bu hal bir çox mübahisələrə səbəb olur.Belə bir fikir yaranır ki, bu müqaviləni bağlamaqla tərəflər bir-birilərinə ehtimadsızlıq göstərirlər.Ümumiyyətlə,nikah müqaviləsi nədir?Onu bağlamaq vacibdir mi?

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan sazişdir. Bu müqavilə istər nikaha daxil olanadək, istərsə də nikaha daxil olandan sonra – nikah dövründə bağlana bilər. Nikah müqaviləsi yazılı formada bağlanılır və notarial qaydada təsdiq olunur.Bu müqavilə nikah müvafiq icra hakimiyyəti orqanında qeydə alınan gündən qüvvəyə minir. Ər-arvad nikah müqaviləsi bağlamaqla nikah dövründə və (və ya) nikahları pozulduqda özlərinin əmlak hüquq və vəzifələrini müəyyən edə bilərlər. Müqavilənin şərtlərini ər-arvad özləri müəyyən edirler. Onlar öz razılaşmalarına uyğun istənilən şərti müqaviləyə daxil edə bilərlər. Ər-arvad müqavilədə bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.

Əgər elə fkirləşiniz ki, ilk nikah müqavilələri Şərqdə yaranıb, o halda siz yanılırsınız. Hələ qədim Yunanıstan ve Romada bu növ müqavilələr var idi.Indiki dövrdə ABŞ-da müqaviləyə istənilən maddəni əlavə etmək olar: qabları yumaq kimə düşür?; ildə neçə dəfə istirahətə gedilməlidi? və s. Ancaq bizim mentalitetdə bu müqavilələr o qədər də xoş qarşılanılmır.Ailə qurmamışdan boşanmaq haqqında düşünmək nə dərəcədə düzgündür?Hərçənd ki,Azərbaycanda son illərdə boşanmaların sayı sürətlə artır.

Azərbaycanda isə nikah müqaviləsinin uzun bir ənənəsi yoxdur. Əsrlər boyu ər-arvad münasibətləri yalnız inam üstündə qurulub.Qanunvericiliyə görə müqavilə bağlanması azaddır.Kimisə nikah müqaviləsi bağlamağa məcbur etmək onun hüquqlarını pozmaq deməkdir. Amma qanunvericikdə (Azərbaycan Respublikası  Ailə və Mülki Məcəllələrində) müəyyən həvəsləndirmə tədbirləri tətbiq etməklə nikah müqavilələrinin bağlanmasına stimul verilə bilər.

Nikah müqaviləsini bağlamaq haqqda sevdiyiniz insanla müzakirə etməyə çəkinməyin.Hər bir gənc cütlük nikah müqaviləsinin onlara lazım olub olmamasını özləri qərar verməlidirlər.Təbii ki,sevgi və etibar nikahın fundamental prinsipləridi,ancaq,necə deyərlər,sülh istəyirsənsə müharibəyə hazır ol.

 

Müəllif: Məmmədova Aygün

“Bütün vəsiyyətimi arvadıma bir şərtlə  edirəm: o yenidən ailə həyatı
qursun. Mən əmin olmaq istəyirəm ki,ən azı bir kişi mənim ölümümə ağlayacaq” Genrix  Geyne

 

Vərəsəlik hüququ qədim institutlardan biridir.Mülkiyyət hüququnun yaranması cəmiyyət qarşısında bir sıra suallar qoydu- mülkiyyətçinin ölümündən sonra əmlakı kimə qalacaq, o əmlak kimə məxsusdur  və s. Bundan əlavə, nikah və ailə münasibətlərinin inkişafı da bu məsələlərin həll olunmasına ehtiyac duyur.Vərəsəlik institutunun çox uzun və mürəkkəb tarixi vardır.Cəmiyyət seçim qarşısında qalmışdır:bir tərəfdən,mülkiyyəti ilə istədiyi kimi rəftar etmə azadlığı,digər tərəfdən, vəsiyyətçinin yaxın qohumlarının cəmiyyət tərəfindən qayğısı,məsəl üçün,özlərini təmin edə bilməyib, kiminsə himayəsi altında yaşayanları.İndiyə qədər dünyanın bütün hüquqi sistemləri iki fundamental prinsip birləşmələrinə əsaslanırlar: vəsiyyət etmək azadlığı və ailənin maraqlarının qorunması.

Vəsiyyət etmək azadlığı nədən ibarətdir?Vəsiyyət etmək azadlığı ilk öncə vətəndaş ölüm vəziyyətində olarkən mülkiyyəti ilə nə edəcəyinə qərar vermə hüququndan ibarətdir,yəni o vəsiyyət qoya da bilər, qoymaya da.Bu prinsipə əsasən vətəndaş hər bir insana vəsiyyət qoya bilər,hər hansı bir şəkildə payı müəyyən edə bilər, miras edən qanun üzrə varislərdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir,vəsayyitə qanunda müəyyən olunmuş başqa müddəaları əlavə edə bilər.Vəsiyyət etmək azadlığının bir məhdudiyyəti var – məcburi pay.Bu miras qoyanın ən yaxın qohumlarının,səhhətində problemləri olanların və himayəndəsində yaşlı biri olanlara kömək üçün tərtib edilmişdir.Vəsiyyət etmək azadlığı miras qoyanın istədiyi əmlakını vəsiyyət etmək azadlığından ibarətdir.Burda söhbət ancaq həmin anda vəsiyyətçiyə məxsus olan mülkdən yox,həm də gələcəkdə əldə oluna biləcək mülkdən gedir.Bu halda vəsiyyət anlayışı belə ola bilər:”Bütün əmlakımı nədən ibarət olursa olsun,harda olursa olsun,vəsiyyət edirəm…”.Vəsiyyətnamədə vəsiyyətçiyə məxsus olan mülkün yalnız bir hissəsidə miras qoyula bilər.Bu halda mirasın qalan hissəsi vəsiyyət olunmamış elan olunur və qanun üzrə miras edilir.Vəsiyyətlərin sayı bir neçə dənə ola bilər.Vəsiyyətçi bir vəsiyyət üzrə bütün mülkiyyətini miras qoya bilər və ya bir neçə vəsiyyət üzrə konkret mirası göstərməklə vəsiyyət edə bilər.

Vəsiyyətçi kiməsə vəsiyyətnamənin məzmununu,ləğvi və ya dəyişdirilməsi haqqda məlumat verməyə borclu deyil.Vəsiyyət etmək azadlığı ilk öncə varisləri müəyyən etməyə yönəlir. Bu vəsiyyətçinin ailə üzvləri, qohumları və digər şəxslər və müəssisələr,və ya hər hansı bir dövlət, Azərbaycan Respublikası,o cümlədən, bələdiyyələr, beynəlxalq təşkilatlar və s. ola bilər.

İkincisi, vəsiyyətçi istədiyi bir şəkildə varislərin payını müəyyən edə bilər.O,bütün mirasının və ya hissəsini birinə və ya bütün varislərə eyni payda vəsiyyət edə bilər,hər birinin payını müəyyən edə bilər,həmçinin mirası bir neçə nəfərə vəsiyyət edib paylarını göstərməyə bilər.

Üçüncüsü,vəsiyyətçi qanun üzrə varisləri mirasından məhrum edə bilər. Vərəsəlik hüququndan məhrum olunan şəxslər  heç bir halda varisliyə cəlb oluna bilməz.Başqa bir hal-vəsiyyətnamədə qeyd olunmayan varis.O bir halda vərəsəliyə cəlb oluna bilər ki, digər varislər mirasdan imtina etsələr və ya ləyaqətsiz varis kimi tanınsalar.

Dördüncüsü,vəsiyyətçi öz vəsiyyətnaməsində varisləri yenidən müəyyən edə bilər.Başqa sözlə,o,vərəsəliyə təyin olunmuş şəxs ölərsə və ya vərəsəlikdən imtina edərsə,onu dəyişib başqa varis təyin edə bilər.

Ölümdən sonra mülkiyyətçiyə öz  əmlakının hüquqi taleyinin müəyyən etməyə imkan verən vərəsəlik azadlığı getdikcə daha da çox vəsiyyətçinin ailəsinin xeyrinə məhdudlaşdırılır. Şəxsin ölümüylə onun əmlakının taleyi və, ümümiyyətlə, onun hüquqi münasibətləri (borclar, tələblər və s.) barədə bir sıra suallar yaranır. Müasir anlayışlara əsasən mərhumun ölümündən sonra onun əmlakı tərkib hissələrə bölünməyib, öz əvvəlki birliyini qoruyub, artıq məlum olan şəxslərə, yəni mirasçılara keçir. Məhz onlar mərhumun bütün hüquq munasibətlərinə daxil olub, onun əmlakının sahibi olur, kreditor və öhdəliklərində borclu qismində çıxış edirlər. Əmlakın bu şəkildə, yəni hüquq münasibətlərinin bütün məcmusunun arası kəsilməyən  keçidini, biz vərəsəlik adlandırırıq.

 

Müəllif: Məmmədova Aygün

Axır vaxtlar biz tez-tez bele bil reklamla rastlaşırıq: “İşə düzələrkən əmək müqaviləsini tələb edin!” Lakin mənə elə gəlir ki, az adam bu tələbin vacibliyini və mahiyyətini tam olaraq dərk edir. Məhz buna görə bu məqalədə mən qısaca da olsa bu sualla bağlı ən mühüm məqamları aydınlaşdırmaya çalışacağam.
Əmək məcəlləsinin 3-cü maddəsinə əsasən Əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

İlk öncə qeyd etmək istəyirəm ki, əmək müqaviləsi yalnız dövlət müəssisələrində bağlanmır. Əmək müqaviləsi Azərbaycan Resbublikası ərazisində, Azərbaycan Respublikası vətəndaşları tərəfindən və ya Azərbaycan Respublikası vətəndaşlarının işlədiyi şirkətlərdə bağlana bilər və bağlanmalıdır da. Əmək müqaviləsini bağlamaqla şəxsə əmək qanunvericiliyinin və ilk növbədə, təbii ki, Əmək məcəlləsinin bütün müddəaları şamil olunur.

Əmək məcəlləsinə əsasən əmək müqaviləsini bağlamaq hər bir şəxsin hüququdur və buna uyğun olaraq işəgötürənin vəzifəsidir. Məhz buna görə hər bir şəxs, işə düzələrkən, əmək müqaviləsinin bağlanmasını tələb etməlidir, çünki bu onun hüququdur. İçəgötürən əmək müqaviləsini bağlamaqdan imtina edə bilməz, çünki bu onun vəzifəsidir.

Əmək müqaviləsində işçinin maaşının məbləği, onun əmək funksiyaları, siğortası, əmək müqaviləsini müddəti və tərəflərin razılaşması əsasında digər şərtlər qeyd oluna bilər. Əmək məcəlləsinə əsasən əmək müqaviləsi 5 ilə qədər ya da qeyri-müəyyən müddətə bağlana bilər. Əmək məcəlləsində həmçinin qeyd edilir ki, əgər əmək müqaviləsi müddətlidirsə və onun bağlanma müddıti artıq bitib, lakin tərəflərdən heç biri hər hansı bir etiraz bildirməyir və öz faktiki vəzifələrini yerinə yrtirməyə davam edir, o zaman əmək müqaviləsi əvvəlcədən bağlanmış müddətində uzadılmış hesab edilir. Əmək müqaviləsi həm işçi, həm də işəgötürən tərəfindən ləğv edilə bilər. Bu sualla bağlı daha detallı şəkildə əmək müqaviləsini ləğv edilməsinə həsr olunmuş məqalədə danışılacaq.

Əmək müqaviləsi daima işçi üçün bir təminatdır. Bəs o, işçiyə nə cür təminatlar verir? İlk növbədə, peşə xəstəliyi, istehsalatda hər hansı bir zədə alma halında işçiyə müalicə üçün müəyyən vəsaitlərin ayrılması təmin olunur. İkincisi, və ən vacibi, müəyyən pensiya təminatı, hansını ki, işçi müəyyən yaş həddinə çatdıqda, əlillik halında və ya işçi öldükdə onun ailəsi alacaq. Əmək müqaviləsinin bağlamadıqda sizə əmək kitabçası verilmir, yəni sizin əmək stajınız hesablanmır. Buna əlavə olaraq, sizin adınıza AR Sosial müdafıə fondunda fərdi hesab açılmır, hara ki gələcək üçün toplanmalı olan hər maaşınızdan 3% məbləğində ayırmalar göndərilməlidirlər. Və nəticə etibarı ilə sizin gələcəyiniz təminatsız qalır və belə çıxır ki, siz bu uzun illər boyu boşuna işləmisiniz. Üçüncüsü, işəğötürən işçinin əməyini, həyat və sağlamlığını siğortalayır.

Təbii ki, Əmək məcəlləsi və əmək müqaviləsi ilə işçiyə illik ödənişli məzuniyyət təmin edilir. Ehtiyac olduqda işçi həmçinin ödənişsiz (“öz hesabına” adlandırılan), təhsil üçün və bir sıra digər növ məzuniyyətlər götürə bilər.

Bu əmək müqaviləsinin zəruriyyətinin və mahiyyətinin sadəcə qısa bir təsviri idi. Amma faktiki olaraq, əmək müqaviləsini bağlamaqla siz öz əməyinizi və gələcək təminatınızı qoruma altına alırsınız. Məhz buna görə İşə düzələrkən əmək müqaviləsini tələb edin!

 

Müəllif: Abdullayeva Çinarə